Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır

16 noyabr 2017 | 16:00

Bu gün Bakı Slavyan Universiteti (BSU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə YAP-ın 25 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabana gedərək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.
BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Sevinc Fətəliyevanın və digərlərinin iştirakı ilə keçirilən yubiley tədbiri daha sonra Bakı Slavyan Universitetinin konfrans zalında davam edib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
İlk çıxış edən BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, bu gün Azərbaycan dünya miqyasında tanınan dövlətdir: “Millətimiz intibaha doğru gedir. Dünyanın ən inkişaf etmiş ölkələri Azərbaycanın müdrik dövlət siyasətinə, YAP-a çox böyük hörmətlə yanaşırlar. Vətəndaşlarımız firavan cəmiyyətdə yaşayır. Övladlarımız istədikləri təhsil ocağında təhsil alır, istədiyi xəstəxanada müayinədən keçirlər. Bu gün bizim ordumuzun resursları digər dövlətlərin həsəd aparacağı qədər inkişaf edib”.
N.Əliyevanın sözlərinə görə, bu gün hər bir Azərbaycan vətəndaşının əsas arzusu Dağlıq Qarabağın işğaldan azad olunmasıdır: “Biz bu arzuya nail olmaq üçün YAP-ın yolu ilə getməliyik. Biz mənfur ermənilərin öhdəsindən 5 günə gələ bilərik. Ötən aprel döyüşləri buna sübutdur”.
YAP Qadınlar Şurasının sədri qeyd edib ki, YAP-ın yaranması Azərbaycan tarixinə dönüş edib: “Partiyamız Azərbaycanı məhv olmaqdan xilas edib. Vaxtilə Azərbaycanı tanımayanlar, hazırda ölkəmizə həsəd aparırlar. Bu gün partiyanın önündə gedən insanların həyata keçirdiyi siyasət Azərbaycanı arzu etdiyimiz səviyyəyə gətirib çıxarıb. Bütün çətinliklərə baxmayaraq biz sınaqdan üzü ağ çıxa bildik. Bu gün ölkəmizin bayrağı tək ölkəmizdə deyil, bütün beynəlxalq təşkilatlarda, dövlətlərdə dalğalanır.
Yığıncağın davamında YAP-ın fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib.
Daha sonra YAP-ın BSU ilk partiya təşkilatının sədri Sevinc Axundova məruzə ilə çıxış edib. O məruzəsində qeyd edib ki, ali məktəbdə təhsil alan tələbələr arasında partiyaya üzv olanların sayı artmaqdadır: “Artıq universitetimizdə 600 nəfər YAP-ın üzvüdür”.
Yığıncaqda universitetin nəzdində fəaliyyət göstərən məktəb liseyin şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.
Tədbirin davamında çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 25 illik yubiley münasibətilə partiya üzvlərini təbrik edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə partiyanın yubileyi ilə bağlı keçirilən geniş tədbiri xatırlayan icra başçısı vurğulayıb ki, Dövlət başçısının sözügedən tədbirdə etdiyi çıxışlar proqram xarakterli idi.
Yığıncaqda YAP-ın yaranma tarixi haqqında geniş məlumat verən partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib ki, ötən 25 il Azərbaycanın şərəfli tarixidir: “Biz partiyanın əhəmiyyətini, ölkənin siyasi həyatındakı rolunu 25 il müddətində görülən işlərə nəzər salaraq görə bilərik. Partiya yarandığı dövrdə başqa partiyalar da var idi. Lakin onlar bir müddətdən sonra tarixin arxivinə atıldılar. Çünki həmin partiyaların dayaqları, təməlləri saf əsaslar üzərində qurulmamışdı”.
Partiyanın zərurətdən arandığını dilə gətirən S.Novruzov söyləyib ki, 90-cı illərin əvvəllərində cəmiyyətimizin, gənclərimizin, ziyalılarımızın siyasi mövqeyini ortaya qoyması üçün meydan lazım idi. Partiya yaranmaqla həmin şəxsləri bir araya toplaya bildi. Buna görə YAP ümumxalq partiyasıdır. Hazırda partiyamızın sıraları arasında qadın və gənclərin sayı artmaqdadır. Belə ki, partiyaya üzv olanların 40 faizini gənclər, 50 faizə yaxınını isə qadınlar təşkil edir. Onlar öz fəallıqları və fəaliyyəti ilə də seçilirlər. Təbii ki, bütün bunlarla kifayətlənməməli, daha çox çalışmalı, daha çox işlər görməliyik.

Keçidlər